NRYTN: Məlumatların ölkə ərazisində saxlanılması xaricə valyuta axınını azaldır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təşkilatçılığı ilə Bakıda “Bulud texnologiyalarının maliyyə sektorunda tətbiqi” mövzusunda tədbir keçirilib. 

Bu barədə  Beynelxalqinfo.com-a nazirlikdən bildirilib.

Məlumatda deyilir ki, Azərbaycanın bank sektoru və digər maliyyə təşkilatlarının rəhbərləri üçün nəzərdə tutulan tədbirin məqsədi “bulud” texnologiyalarının tətbiqinin maliyyə qurumlarının işində yarada biləcəyi üstünlüklər, bank sektorunun dövrün çağırışlarına operativ uyğunlaşa bilməsi üçün “bulud” həllərinin yaratdığı imkanlar və qeyd olunan texnologiyanın tətbiqi vasitəsilə maliyyə bazarlarında informasiya təhlükəsizliyi və etibarlılığın artırılması barədə məlumat verməkdir.

Tədbirdə iştirak edən nazir Ramin Quluzadə “bulud” texnologiyalarının artıq müasir həyatın ayrılmaz hissəsi olduğunu və beynəlxalq təcrübədə bu texnologiyaların müxtəlif sektorlarda uğurla tətbiq olunduğunu qeyd edib. Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzi beynəlxalq səviyyədə qəbul edilmiş TİER III yüksək etibarlılıq sertifikatına malikdir.

Mərkəzin dünyanın ən aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz edildiyini deyən R.Quluzadə dövlət qurumlarına, fiziki və hüquqi şəxslərə data və “bulud” texnologiyaları xidmətləri göstərildiyini bildirib. O, Data Mərkəzin “bulud” əsaslı xidmətlər göstərməklə yerli və xarici bazarda rəqabətə davamlı və etibarlı xidmət təminatçısı kimi çıxış etdiyini qeyd edib. Nazir bildirib ki, əsas hədəflərdən biri Azərbaycanın regionun tranzit informasiya mərkəzinə çevrilməsidir.

MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı isə çıxışında bildirib ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı nəticəsində bu gün artıq maliyyə sektorunda yeni alətlər tətbiq olunur, ofissiz maliyyə xidmətləri göstərən yeni formalı mexanizmlər yaranır. Bununla belə, o, informasiya texnologiyaları, o cümlədən “bulud” texnologiyaları üzərindən maliyyə xidmətlərinin göstərilməsi üçün hüquqi bazaya ehtiyac olduğunu vurğulayıb. “Bulud” texnologiyalarının maliyyə sektorunda tətbiqi ilə bağlı təşəbbüsü dəstəklədiklərini də diqqətə çatdıran MBNP rəhbər NRYTN ilə birgə atılan bu addımın səmərəli əməkdaşlığa çevriləcəyinə, eyni zamanda bu imkanlar əsasında yeni alətlərin generasiya edilə biləcəyinə ümidvar olduğunu bildirib.Daha sonra “Ernst&Young” şirkətinin “Bulud texnologiyalarına keçidin əsas aspektləri” mövzusunda təqdimatı dinlənilib. “Bulud”a inteqrasiyanın dünya maliyyə bazarlarına verdiyi töhfələr və “bulud” həllərinin beynəlxalq iqtisadi münasibətlərə təsirindən danışılıb.

Təqdimatdan sonra R.Aslanlı, Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev müzakirələrə qoşularaq, “bulud” texnologiyaları üzrə risklər və bu risklərin idarə olunması ilə bağlı rəylərini bildiriblər.

Növbəti təqdimat “AzInTelecom”un Data Mərkəzinin fəaliyyətinə həsr edilib, qeyd edilib ki, Data Mərkəzi informasiya təhlükəsizliyinin, etibarlılığın artırılması, qəza hallarının aradan qaldırılması, kapital xərclərinin minimuma endirilməsi üçün bütün infrastrukturla təchiz olunub.

Bildirilib ki, istismar xərclərinin optimallaşdırılması sayəsində elektron xidmətlərin inkişafı və daha çevik çatdırılması təmin edilir, məlumatların ölkə ərazisində saxlanması xaricə valyuta axınını azaldır.

Daha sonra Data Mərkəzin Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA), “Golden pay” kimi müştərilərinin təmsilçiləri çıxış edərək, bu əməkdaşlığın verdiyi faydalardan söz açıblar.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir