Danışıqlar tezliklə başlanacaq – İlham Əliyev

Müvafiq göstərişlər verilmişdir və əminəm ki, danışıqlar tezliklə başlanacaq.

Beynelxalqinfo.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Baş naziri Boyko Borisovla keçirdiyi mətbuat konfransında bildirib.

“Bu gün biz əlaqələrimizin müxtəlif aspektlərini geniş müzakirə etdik. Bir daha təsdiq etdik ki, Bolqarıstan və Azərbaycan iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcək. İqtisadi sahədə biz çalışmalıyıq ki, aramızdakı ticarət dövriyyəsinin həcmini artıraq. Hazırda bu, lazımi səviyyədə deyil. Müvafiq göstərişlər verildi ki, qısa müddət ərzində ticarət dövriyyəsinin artırılması istiqamətində konkret addımlar atılsın. Hesab edirəm ki, qarşılıqlı sərmayə qoyuluşu üçün də yaxşı imkanlar var və biz bu istiqamətdə də işləyəcəyik.

Əlbəttə ki, bu gün danışıqlarımızın əsas mövzusu energetika sahəsi ilə bağlı idi. Bildiyiniz kimi, bu sahədə biz tərəfdaşıq. Azərbaycan və Bolqarıstan birlikdə digər ölkələrlə bərabər Cənub Qaz Dəhlizinin icrasını təmin edirlər. Azərbaycanın zəngin qaz yataqları vardır. Təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Cənub Qaz Dəhlizinin inşası Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəmiz olacaqdır. Hazırda Azərbaycan nefti bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir və yaxın gələcəkdə Azərbaycan qazı da eyni funksiyanı daşıyacaqdır. Cənub Qaz Dəhlizinin icrası uğurla gedir. “Şahdənz-2” layihəsinin icrası 99 faizə çatıbdır. “Şahdəniz-2” Cənub Qaz Dəhlizinin əsas resurs bazasıdır. Eyni zamanda, bu il TANAP layihəsinin başa çatması nəzərdə tutulmuşdur. Bu layihənin icrası da 90 faizə çatıbdır. Beləliklə, bütün işlər qrafik üzrə gedir və bu nəhəng layihə uğurla icra edilir. Cənub Qaz Dəhlizinin icrasından sonra Avropanın enerji təhlükəsizliyi məsələləri daha da möhkəm təməl üzərində qurulacaqdır və biz şadıq ki, Azərbaycan bu məsələyə öz töhfəsini verməkdədir.

Bir neçə ildən sonra 1 milyard kubmetr Azərbaycan qazının Bolqarıstan ərazisinə nəql ediləcəyini nəzərə alaraq, biz bu gün cənab Baş nazirlə müvafiq qurumların rəhbərlərinə göstəriş vermişik ki, tezliklə Azərbaycan şirkəti SOCAR-ın Bolqarıstanda qazlaşdırma ilə bağlı məsələləri araşdırsınlar və imkanları haqqında məlumatlar versinlər.

Azərbaycan ölkə daxilində qazlaşdırmanı uğurla icra edir. Hazırda ölkəmizin 93 faizi qazlaşdırılıb və cari ilin sonuna qədər bu rəqəm 95 faizə çatacaqdır. Bununla paralel olaraq, digər ölkələrdə də SOCAR qazlaşdırma ilə bağlı investor kimi fəaliyyət göstərir, o cümlədən Gürcüstanda və Albaniyada. Albaniyanın qazlaşdırılması ilə bağlı müvafiq memorandum imzalanmışdır. Hesab edirəm ki, Bolqarıstanda da qazlaşdırma ilə bağlı SOCAR-ın investor kimi fəaliyyəti həm SOCAR üçün, həm Bolqarıstan istehlakçıları üçün önəmli hadisə ola bilər. Müvafiq göstərişlər verilmişdir və əminəm ki, danışıqlar tezliklə başlanacaq”, – İlham Əliyev qeyd edib./axar.az

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir