Azərbaycan Demokratik Respublikasının pul nişanları

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi.

Beləliklə, 100 ildən artıq fasilədən sonra Azərbaycanın Şərqi və Cənubi Zaqafqaziya hüdudlarında milli dövlətçiliyi bərpa olundu. 1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclasında Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi. Elə həmin iclasda yeni demokratik dövlətin yaranması faktını hüquqi cəhətdən təsbit edən “Azərbaycanın istiqlaliyyəti haqqında Akt” qəbul edildi.Azərbaycanda dövlətçiliyin təşəkkül tapması iqtisadiyyatın da tamamilə yenidən qurulmasını tələb edirdi və bu istiqamətdə təxirəsalınmaz işlər görüldü. Bunlardan biri də pul tədavülü idi.
Belə ki, ADR suveren dövlətin digər imtiyazları ilə yanaşı ,mühüm hakimiyyət rəmzi olan kağız pul nişanlarının buraxılmasını da həyata keçirdi. Bu Rusiya imperiyası tərəfindən XIX əsrin I rübündə Şimali Azərbaycanın işğalı ilə yarıda kəsilmiş Azərbaycan milli dövlətçiliyinin və ölkənin pul təsərrüfatının bərpa edilməsi demək idi.
Azərbaycan Mərkəzi Bankına istinadən bildirilir ki, müsəlman dünyasında ilk demokratik dövlət olan Azərbaycan Cümhuriyyətinin – Azərbaycan Demokratik Respublikasının ilk müstəqil pul emissiyasının tarixi 1919-cu ilin əvvəlində tədavülə buraxılan 25, 50, 100 və 250 manatlıq əskinaslarla başlayır. Əskinasın üz tərəfində Cümhuriyyət, arxa tərəfində isə rus dilində «Азербайджанская Республика» ifadələri, əskinasın nominal dəyəri və buraxıldığı tarix göstərilib.
1919-1920-ci illərdə buraxılmış pul vahidlərinin adları Azərbaycan dilində manatla, rus dilində isə rubl ilə verilib. Burada əsas məqsəd uzun illər işlədilən və hələ də dövriyyədə qalan Rusiya pul nişanlarına öyrəşən əhalinin tədricən yeni milli pul vahidinə inamının artırılması idi. Eyni zamanda, Azərbaycan Cümhuriyyətinin bu sahədəki iqtisadi siyasəti milli valyuta – manatın beynəlxalq miqyasda tanınması ilə bağlı olub. Məhz buna görə də Fransa hökumətinin dəstəyini hiss edərək (qismən də fransız dilinin beynəlxalq dil olduğunu nəzərə alaraq), Cümhuriyyət 500 manatlıq əskinasların üzərində Respublikanın və nominalın adlarını fransız dilində də verməyi lazım bilmişdi. Beləliklə AXC dövründə 5 nominal üzrə əskinaz tədavülə buraxıldı.Göstərilmiş pul vahidləri ilə yanaşı 1 manatlıq da nümunə kimi hazırlanmışdı. Lakin inflyasiya səbəbindən onu çap edib dövriyyəyə buraxmaq sərf etmədi.
ADR dövründə qeyd olunan pul vahidləriylə yanaşı qiymətli kağızların (istiqrazlar) buraxılması da həyata keçirildi. Bu istiqamətdə görülmüş bütün tədbirlər dövlət quruculuğunun mühüm tərkib hissələrindən biri idi.
P.s Bu gün ADR dövrünün əskinasların bu sayda gəlib bizə çatmasında Azərbaycan kolleksionerlərinin də əməyini qeyd etməliyik.

Əli Hacıyev

BDU, Jurnalistika fakültəsi

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir