Naxçıvan tənburu

Mizrabla çalınan ən qədim musiqi alətlərindən biri olan tənbur  bir sıra xalqlara məxsus alətdir. Əksər xalqlar tənburu əsrlərlə yaşatmış, inkişaf etdirmiş, xalq çalğı aləti kimi qorumuşdur. Hazırda tənbur Orta Asiya xalqları tərəfindən yaşadılaraq geniş miqyasda tədris olunur. Bu alət üçün xüsusi musiqilər yazılır, konsert proqramlarında ondan  professional səviyyədə istifadə edilir.

 

Müasir Tənbur

Müasir tənbur armudvari, kiçik, çanaqdan, uzun qoldan və bu qol üzərində bağlanmış 16-ya qədər pərdədən ibarətdir. Alətin simlərinin sayı növündən asılı olur. Tənbur muğamların ən çox ifa edildiyi alət kimi hələ qədim zamanlardan şöhrət tapmışdır. Orta əsr musiqi alimi Dərviş Əli tənburu  “bütün musiqi alətlərinin müəllimi”  hesab etmişdir. Heç də təəccüblü deyil ki, Məhəmməd Füzuli “Yeddi cam” poemasında “Setar ilə söhbət” başlığında onu tənburdan fərqləndirməyərək deyir:

Rəğbət elə tənbura, müğənni, gəl ürəkdən

Rəğbət açarı ilə ona da bir qapı aç sən.

   Aç bir qapı ki, zahir olub nəşələr ondan, 

          Qəlblərə gülərək daima olar gül kimi xəndan.

       Füzuli də tərk eyləyərək qorxmaz əzabdan,

    Bu hali-büstadan qoparar nəşələr hər an.

Tənburun Azərbaycan  ərazisində çalınmasından və onun həm növlərindən bəhs edən Əbdülqadir Marağalı aləti belə şərh edir: Şirvanlılar tənburu o sazdır ki, təbrizlilər ondan çox istifadə edərlər. Onun quruluşu armud şəklində olub, səthi uzundur. Ona iki tək sim bağlanır. Simlərinin ahəngi tərəflərə nisbətən ətrafa daha geniş yayılır. Simlərin hissələrindən hər biri o birindən aşağıda yerləşir.

Naxçıvan  Muxtar  Respublikasında  yaşayan,  bir çox qədim alətlərə yenidən həyat verən İxtiyar Seyidov  1998-c i ildə Naxçıvan Dövlət Universitetində təhsil aldığı dövrdə “Türk dövlətləri birliyi” adlı  simpoziumuna  simvolik olaraq  Naxçıvan tənburu hazırlayıb təqdim etmişdir. Hər bir tərəfi bir musiqi aləti olan üç tərəfli tənbur gözəl səsə malik, uzunluğu 110 sm, eni 12 sm, 30-a yaxın simləri olan və bizrabla çalınan alət kimi formalaşıb. Bir  tərəfi – Saz,  digər tərəfi – Tənbur, üçüncü  tərəfi – Çəng səsinə malik olan   Naxçıvan tənburunun ixtiraçısı İxtiyar Seyidov alətin mənasını belə izah edir:

Bildiyimiz kimi, bütün türkdilli xalqlar arasında geniş yayılan bu alətlər, yəni saz, tənbur, çəng alətini mən birlik rəmzi kimi bir kök üstə, bir gövdə  üzərində birləşdirdim və mənasıda budur ki, bütün türkdilli xalqların kökü bir olsa da başqa-başqa dövlətlər kimi fəaliyyət göstərirlər. Bu da bu alətin aşıqlarıdır ki, hər biri ayrı-ayrı simləri kökləyərək musiqi alətini rəmzi bir mənaya gətirib çıxarır. Birinci tərəfi olan tənbur alətinə  3 tel bağlanır. Birinci tel kiçik oktavanın si bemol səsinə köklənir, orta, ikinci tel kiçik oktavanın  mi bemol səsinə köklənir, üçüncü yuxarıdakı tel isə birinci teldən 1 ton aşağı yəni, lya bemol səsinə köklənir. Amma istənilən vaxt orta telin səsini dəyişərək 1 ton yuxarı və aşağı istiqamətə kökləyərək ifa etmək olar. Əsasən metal tellərə malik olan bu alət mizrabla ifa olunur. İkinci tərəfi olan saz aləti eyni ilə indiki dövrümüzdə istifadə etdiyimiz saz aləti kimi köklənir və mizrabla ifa olunur. 6 teldən ibarətdir. Üçüncü tərəfi isə Çəng alətinin səsinə malik, 21 teldən ibarətdir.  Köklənmə sistemi ikinci oktavanın do səsindən başlayaraq diatonik şəkildə  üçüncü oktavaya qədər köklənir.

                                     Tənbur  

                                       Saz

                                     Çəng

Naxçıvan tənburunun çanaq hissəsi əsasən tut ağacından, qol hissə qoz ağacından, aşıqları isə armud ağacından hazırlanır. Tərəflərin üz hissəsi isə 3 mm qalınlıqda deka yapışdırılır.

Türk xalqları birliyini tərənnüm edən Naxçıvan tənburu çox gözəl səsə malik bir musiqi alətidir. İnanırıq ki, bu musiqi aləti xalqımız tərəfindən çox seviləcək və onun səsi Azərbaycan xalqı durduqca hər zaman eşidiləcək.

Fətəli Axundzadə

  Naxçıvan Musiqi Kollecinin şöbə müdiri

Digər maraqlı xəbərlərə Beynelxalqinfo.com-un Facebook səhifəsindən baxmaq üçün tıkla

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir