Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib – Video

18-19 noyabrda “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib.

Tədbirin aparıcıları Naxçıvanda ailə təsərrüfatlarının yaranması tarixindən və əhəmiyyətindən bəhs ediblər.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Ədalət Hüseynov festivalda çıxış edərək muxtar respublikada kənd təsərrüfatının inkişaf etdirilməsi, ailə təsərrüfatlarının yaradılması, daxili bazarın idxaldan asılılığının azaldılması, eyni zamanda ixrac imkanlarının artırılması istiqamətində görülən tədbirlərdən danışıb.

Festivala muxtar respublikanın bütün rayonlarından olan 284 ailə təsərrüfatı tərəfindən 14 növdə 249 çeşiddə 7538 qablaşdırılmış məhsul çıxarılıb. Naxçıvan qaymağı, xaması, qovurması, müxtəlif növ mürəbbə və şirniyyatları, Nehrəm pendiri, qatığı, Ordubad alanası, sucuğu, cəvizi, meyvə araqları, müxtəlif çeşidli ət və balıq məhsulları, eləcə də turşular, kompotlar, Naxçıvan təbiətinin nemətlərindən olan dərman bitkiləri festival iştirakçılarına təqdim olunurdu. Naxçıvanın zəngin mətbəx mədəniyyətinə malik olması tarixən bu ərazidə quru meyvəçiliyin inkişafına stimul verib. Festivala ailə təsərrüfatları tərəfindən qablaşdırılmış alça, göycə, ərik, tut və digər meyvə quruları da çıxarılmışdı.

Muxtar respublikanın kəndlərində yaradılan müasir infrastruktur, istehsal olunan məhsulları sərbəst bazara çıxarmaq imkanları və göstərilən maliyyə dəstəyi bu sahəyə marağı xeyli artırıb. Hazırda muxtar respublikanın 87 kəndində böyük ailə təsərrüfatları vardır ki, onlar da əsasən heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq və əkinçilik sahələri üzrə fəaliyyət göstərirlər. Bu ilin ötən dövründə Sahibkarlığa Kömək Fondu tərəfindən 10 ailə təsərrüfatına dövlət maliyyə dəstəyi göstərilib. Bütün bunlar da ailə təsərrüfatlarının inkişafına, daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatına, eləcə də istehsal olunan məhsulların ixracına geniş imkanlar açır.

Video: Tərlan Yusif

Paylaş:
Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInShare on TumblrShare on VKPin on PinterestBuffer this pageEmail this to someoneShare on StumbleUponFlattr the authorShare on RedditShare on XingPrint this page

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir